Nadir Hüseynbəyov
Nadir Fərəc bəy oğlu Hüseynbəyov (20 iyun 1929, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsi sədrinin birinci müavini — Azərbaycan SSR naziri (1986–1989), Azərbaycan SSR kənd təsərrüfatı nazirinin birinci müavini (1969–1985), Azərbaycan SSR əməkdar kənd təsərrüfatı mühəndisi (1982).
Nadir Fərəc bəy oğlu Hüseynbəyov 1929-cu il iyunun 20-də Bakıda neftçi ailəsində anadan olmuşdur. 1949-cu ildə Bakı Kənd Təsərrüfatı Texnikumunun Yerquruluşu şöbəsini fərqlənmə diplomu ilə bitirdiyinə görə respublika hökuməti tərəfindən təhsilini davam etdirməsi üçün Moskvaya göndərilmiş və 1955-ci ildə Yerquruluşu Mühəndisləri İnstitutunu bitirərək Bakıya qatırmışdır. Elə həmin ildə Bərdə rayonunda yerquruluşu mühəndisi vəzifəsində işə başlamış, 1956-cı ildə Kənd Təsərrüfatı Nazirliyinin Yerquruluşu İdarəsində mühəndis, böyük mühəndis və baş mühəndis işləmiş, 1964-cü ildə həmin idarənin rəisi təyin olunmuşdur.
Nadir Hüseynbəyov 1968-ci ildən Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində təlimatçı, bölmə müdiri, 1969–1985-ci illərdə Azərbaycan SSR kənd təsərrüfatı nazirinin birinci müavini olmuş, 1976–1977-ci illərdə nazir vəzifəsini müvəqqəti icra etmişdir. 1985–1986-cı illərdə Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsi sədrinin müavini, 1986-cı ildən isə paralel şəkildə Aqrar-Sənaye Komitəsi sədrinin birinci müavini və Azərbaycan SSR naziri vəzifələrində çalışmış, 1989-cu ildə komitədə aparılan struktur dəyişikliklərindən sonra Baş Bitkiçilik İdarəsinə rəis təyin olunmuşdur.
Nadir Hüseynbəyov 1992-ci ildə təqaüdə çıxdıqdan sonra Kosmos Agentliyinin Ekologiya Elmi-Tədqiqat İnstitutunda əmək fəaliyyətini davam etdirmiş, 1994-cü ildən Dövlət Torpaq Komitəsinin Yerquruluşu Layihə İnstitutunda şöbə rəisi, baş direktorun birinci müavini işləmişdir. 1996-cı ildə Kənd Təsərrüfatında Özəl Bölmənin İnkişafına Yardım Agentliyində torpaq qeydiyyatı, yerquruluşu və kadastr üzrə baş mütəxəssis vəzifəsinə təyin olunmuşdur.
Aqrar sahədəki nailiyyətlərinə görə Nadir Hüseynbəyov iki "Qırmızı əmək bayrağı" ordeni və "Xalqlar dostluğu" ordeni ilə təltif edilmiş, çoxsaylı dövlət medallarına, Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin 4 qızıl, 5 gümüş, 8 bürünc medalına və iki diplomuna layiq görülmüşdür. 3 dekabr 1982-ci ildə ona "Azərbaycan SSR əməkdar kənd təsərrüfatı mühəndisi" fəxri adı verilmişdir.